"AzInTelecom" Ağdamda ağacəkmə aksiyası keçirib
- 03 noyabr, 2025
- 10:16
"AzInTelecom" MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində ağacəkmə aksiyası keçirib.
Vətən Müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr edilmiş aksiyada "AzInTelecom"un rəhbərliyi, əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib. Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisində ümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarma işi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmiş ərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığı bərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə vermək olub.
Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və "Qayıdış könüllüləri"nin dəstəyi ilə həyata keçirilib.