"Azərkosmos" və Beynəlxalq Kosmik Hüquq İnstitutu əməkdaşlıq memorandumu imzalayıb
- 08 oktyabr, 2026
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və Beynəlxalq Kosmik Hüquq İnstitutu (International Institute of Space Law – IISL) arasında kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bu barədə "Azərkosmos" məlumat yayıb.
Bildirilib ki, sənəd 7 oktyabr 2026-cı il tarixində Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində imzalanıb. Anlaşma Memorandumunun əsas məqsədi kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və kosmosda hüququn aliliyinin gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər kosmik hüquq üzrə tədbirlərin birgə təşkili, kosmik hüququn universitetlərin akademik proqramlarına inteqrasiyası, eləcə də kosmik hüququn aktual məsələləri və inkişaf istiqamətləri üzrə məlumat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar. Sənəd, həmçinin, kosmik hüquq üzrə maarifləndirmə fəaliyyətlərinin təşviqini də nəzərdə tutur.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanda kosmik qanunvericiliyin və tənzimləyici çərçivənin inkişaf etdirilməsi ilə bağlı ekspert məsləhətlərinin və tövsiyələrinin verilməsi olacaq. Bu məqsədlə Azərkosmosun hüquqşünasları və Beynəlxalq Kosmik Hüquq İnstitutunun müstəqil ekspertlərindən ibarət birgə ekspert işçi qruplarının yaradılması da nəzərdə tutulur.
Memorandum Azərbaycanda kosmik fəaliyyətin hüquqi və institusional əsaslarının inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və kosmik hüquq sahəsində peşəkar potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq üçün ümumi çərçivə yaradacaq.
IISL kosmik hüquq sahəsində fəaliyyət göstərən müstəqil beynəlxalq təşkilatdır və BMT-nin Kosmosun Dinc İstifadəsi üzrə Komitəsində (COPUOS) daimi müşahidəçi statusuna malikdir.