"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb
- 29 yanvar, 2026
- 16:36
Kosmik Agentlik ("Azərkosmos") və Çadın Elektron Kommunikasiya və Poçt üzrə Tənzimləyici Qurumu (ARCEP) arasında rəqəmsal transformasiya, innovasiya mərkəzləri və rəqəmsal məhsulların ixracı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report" agentliyə istinadən xəbər verir ki, sənədin əsas məqsədi peyk xidmətləri və kosmik fəaliyyət sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişaf etdirilməsidir.
Anlaşmaya əsasən, tərəflər kosmik ekosistemin inkişafı, strateji konsaltinq, radiotezliklərin idarəedilməsi, coğrafi informasiya sistemləri (GIS), məsafədən zondlama, peyk rabitəsi, peyklərin idarə olunması və yerüstü sistemlər, eləcə də kosmik fəaliyyət və peyk xidmətləri sahəsində tənzimləmə və normativ məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırırlar.
Üstəlik, əməkdaşlıq çərçivəsində telekommunikasiya, videoyayım və məlumat xidmətləri, teleportlar və yerüstü stansiya xidmətləri sahəsində biznes imkanlarının araşdırılması, geoinformasiya texnologiyaları, süni intellekt və Yerin müşahidəsi xidmətləri üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Memorandumda təhsil və insan kapitalının inkişafı istiqaməti də xüsusi yer tutur. Bu çərçivədə "Azərkosmos"un KOSMİK Akademiyası ilə müəllimlər və şagirdlər üçün təhsil proqramlarının icrası, yay məktəblərinin təşkili, məktəblər üçün peyk proqramlarının həyata keçirilməsi və birgə fəaliyyətlərin icrası planlaşdırılır.