“Azərkosmos”un rüblük xidmət gəliri 42 % azalıb
- 29 aprel, 2022
- 09:03
Bu ilin yanvar-mart ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 31 ölkəyə 6,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə çox və 41,5 % (4,4 milyon ABŞ dolları) azdır.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 %-ini təşkil edib ki, bu da illik müqayisədə 3 faiz bəndi azdır.
2022-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 30 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 4 ölkə çox olsa da məbləğdə dəyişiklik yoxdur.
2022-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,1 milyon ABŞ dolları ilə Fransa, 1,1 milyon ABŞ dolları ilə Lüksemburq, 0,6 milyon ABŞ dolları ilə BƏƏ və 0,4 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.