"Azərkosmos"un ixrac gəlirləri 50 %-dən çox artıb

İKT
  • 28 avqust, 2026
  • 09:39
Azərkosmosun ixrac gəlirləri 50 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 15,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 % çoxdur.

7 ayda peyk telekommunikasiya xidmətlərini 35 ölkədən 95-ə yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 6 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,5 milyon ABŞ dolları), Lüksemburq (1,9 milyon ABŞ dolları), Türkiyə (730,3 min ABŞ dolları), Pakistan (669,3 min ABŞ dolları) və Misir (382,5 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 %-dən 62 %-ə düşüb.

Təkcə iyulda isə "Azərkosmos" 2,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 31,25 % çoxdur.