"Azərkosmos"un ixrac gəlirləri 44 % azalıb
- 30 sentyabr, 2022
- 07:15
Bu ilin yanvar-avqust aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 36 ölkəyə 17,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 ölkə çox və 13,6 milyon ABŞ dolları (44,2 %) azdır.
8 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 83 %-ni təşkil edib ki, bu da illik müqayisədə 8 faiz bəndi azalma deməkdir.
Hesabat dövründə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,5 milyon ABŞ dolları ilə Fransa, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 1,6 milyon ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri və 957 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Ötən ay isə “Azərkosmos” 33 ölkəyə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da ötən ilin avqust ayına nisbətən 11 ölkə çox və 0,1 milyon ABŞ dolları (4,55 %) azdır.