"Azərkosmos"un Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının üzvü seçilib

İKT
  • 15 iyul, 2026
  • 16:18
Azərkosmosun Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının üzvü seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentliyin ("Azərkosmos") Kosmik Akademiyası Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurasının (ISEB) tam hüquqlu üzv statusunu əldə edib.

"Report" xəbər verir ki, bu barədə "Azərkosmos" məlumat yayıb.

Bildirilir ki, Akademiyanın yekdil səsvermə ilə ISEB-ə üzv olması, onu dünyaca tanınmış kosmik Akademiya klubunun 12-ci üzvünə çevirir. Bu üzvlük, Azərbaycanın kosmik təhsil və inkişaf sahəsindəki uğurlarının beynəlxalq miqyasda tanınmasına və ölkəmizin bu sahədə daha da geniş imkanlara sahib olmasına töhfə verəcək. Akademiya bu beynəlxalq təşkilatlar vasitəsilə, kosmik sahədə qlobal əməkdaşlıqları artıracaq və müvafiq sahədə kadr potensialının inkişafını irəliyə aparacaq.

Kosmik Akademiya artıq 3 ildir ki milli kosmik ekosistemin inkişafında mühüm rol oynayır. Bu üç il ərzində 12 mindən çox məktəbli, gənc və müəllim Akademiyanın yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi 26 layihədə iştirak edib.

Beynəlxalq Kosmik Təhsil Məşvərət Şurası (ISEB) 17 oktyabr 2005-ci ildə yaradılıb və dünyanın qabaqcıl kosmik agentliklərini bir araya gətirir. Bunlar arasında ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), Avropa Kosmik Agentliyi (ESA), Kanada Kosmik Agentliyi (CSA), Koreya Aerokosmik Tədqiqat İnstitutu (KARI), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və digər beynəlxalq təhsil və kosmik təşkilatlar yer alır. ISEB-in əsas məqsədi, kosmos elmi və texnologiyaları üzrə təhsilin inkişafını təmin etmək və üzv ölkələr arasında təcrübə mübadiləsini təşviq etməkdir.