“Azərkosmos” fəaliyyətini ölkənin iqtisadi inkişaf strategiyasına uyğunlaşdırır

İKT
  • 12 yanvar, 2022
  • 09:57
“Azərkosmos” fəaliyyətini ölkənin iqtisadi inkişaf strategiyasına uyğunlaşdırır

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərkosmos” Agentliyi qarşıdakı dövrdə fəaliyyətini “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”na uyğunlaşdırır".

Bunu “Report”a “Azərkosmos” ASC-nin sədri Səməddin Əsədov bildirib.

Onun sözlərinə görə, strategiya çərçivəsində infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit və digər sahələrdəki layihələri dəstəkləmək nəzərdə tutulur.

“Azərkosmos” rəhbəri öz gələcək fəaliyyətlərini davamlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi başlıca istiqamətləri ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”ə bütövlükdə uyğunlaşdırdıqlarını qeyd edib.

Xatırladaq ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC 2010-cu ilin 3 may tarixində təsis edilərək bütövlükdə dövlətə məxsusdur. Ötən müddət ərzində “Azerspace-1” (2013), “Azersky” (2014), “Azerspace-2” (2018) peykləri orbitə çıxarılıb. “Azerspace-1” və “Azerspace-2” telerabitə peykləri rəqəmli televiziya yayımı və internet xidmətləri, VSAT şəbəkələri, hökumət rabitəsi kimi vəzifələri icra edir və Şərqi, Orta, Qərbi Afrika, Avropa, Mərkəzi Asiya regionlarını əhatə edirlər. Fransanın “Airbus Defence and Space” şirkətilə müqavilə əsasında satın alınmış “Azersky” peyki isə Yer kürəsinin səthini müşahidə etmək, gündə 6 kvadrat kilometr sahənin yüksək keyfiyyətli şəkillərini çəkmək iqtidarındadır.

“Azerspace-1”dən əldə edilən gəlirin 80 faizi, “Azersky”dan əldə edilən gəlirin də 98 faizi xarici bazarların payına düşür.