Azərbaycandan olan investorlar “Turkcell”in səhmlərini almaq istəyir
- 10 iyul, 2024
- 15:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandan və Ərəbistan yarımadasından olan investorlar Türkiyənin ən qabaqcıl mobil operatoru olan "Turkcell"in səhmlərini almaq istəyir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Sərvət Fondu dövlətə məxsus “Turkcell”dəki 26,2 % payını satmağı düşünür.
Bildirilib ki, satışla bağlı investisiya bankı ilə məsləhətləşmələr aparılıb.
Məlumata görə, Fond bununla bağlı hələ qərar verməyib, lakin potensial alıcılarla qeyri-rəsmi danışıqlar aparır. Fond daxilindəki bəzi şəxslər “Turkcell”i strateji aktiv olaraq gördükləri üçün bu sövdələşməyə qarşı çıxırlar. Son qərarı isə Fondun İdarə Heyətinə sədrlik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verəcəyi deyilir.
Ümumilikdə “Turkcell”in digər əsas səhmdarı 19,8 % paya sahib olan “LetterOne Investment Holdings”dir, qalan səhmlər isə İstanbul Fond Birjasında və Nyu-York Birjasında tədavül edilir.
Qeyd edək ki, “Turkcell” mobil və sabit şəbəkələri vasitəsilə müştərilərinə unikal rəqəmsal xidmətlər, səs, mesajlaşma, data və IPTV xidmətləri təklif edən rəqəmsal operatordur. Türkiyə mobil rabitəyə 1994-cü ilin fevralında “Turkcell”in fəaliyyəti ilə başlayıb.