Azərbaycanda yaradılmış vençur fondu hansı startaplara investisiya yatırıb?

İKT
  • 06 oktyabr, 2023
  • 14:58
Azərbaycanda yaradılmış vençur fondu hansı startaplara investisiya yatırıb?

Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” bu il ərzində 6 startapa investisiya yatırıb, 2 startapla isə danışıqlar aparılır.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva bildirib.

O qeyd edib ki, investisiya yatırılmış startapların 4-ü azərbaycanlılar tərəfindən yaradılıb, digərləri isə Qazaxıstan və Gürcüstanda yaradılan startaplardır.

Onun sözlərinə görə, həmin startaplardan biri “Turan APP”dır: “Bu startap türk dünyası ölkələri arasında komissiyasız pul köçürülməsi xidmətini təqdim edir. İstanbulda yaradıla bu startap Türkiyədən kənarda fəaliyyətinə ilk dəfə Azərbaycanla başlayıb. Startapın təsisçisi Özgür Bayraktardır”.

Digər startap “TestedWeb” saxta rəyləri yoxlamaq və aradan qaldırmaq üçün süni intellektdən istifadə edən 2 qazanclı onlayn rəy platformasıdır. İ. Vəliyevanın qeyd etdiyinə görə, startapın təsisçisi ABŞ-də yaşayan həmyerlimiz Yaqub Rəhimovdur.

O bildirib ki, investisiya yatırılmış startaplardan biri də “Magic Port"dur, bu startap gəmi sahibləri, menecerləri və gəmidə çalışan şəxslərin etibarlı əməkdaşlıq etmələri üçün müxtəlif alətlər təqdim edir: "Startapın əsas fəaliyyət mərkəzi Sinqapurdur. "Magic Port"un qurucuları həmyerlilərimiz Əli Qara və Tural Əliyevdir.

Digər startap - “Tripsome I Tripsome”, unikal əyləncə mərkəzlərini və fəaliyyətləri bir platformada cəmləşdirir. “Klipy” startapı sosial media platformalarının məzmundan pul qazanmağa kömək edən GIF kitabxanasını təqdim edir. Kitabxanada müxtəlif məşhur kino və məzmunların qısa GİF-ləri var. “Jobescape” startapı mürəkkəb tapşırıqları avtomatlaşdırır, vaxta qənaət edir və məhsuldarlığı artırır. Platforma vasitəsilə istifafəçilər yeni kurslardan, master-klaslardan yararlana bilərlər”.

İ. Vəliyeva hesab edir ki, “Caucasus Ventures” fondu ümumiyyətlə il ərzində 5-8 startapa investisiya yatıra bilər.

Xatırladaq ki, 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün “Caucasus Ventures” vençur fondu yaradılıb.

Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.

44 - Tezliklə