Azərbaycan "Underground Economy 2026" tədbirində təmsil olunub

İKT
  • 10 sentyabr, 2026
  • 10:56
Azərbaycan Underground Economy 2026 tədbirində təmsil olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Tural Məmmədov 7–10 sentyabrda Fransanın Strasburq şəhərində keçirilmiş "Underground Economy 2026" (UE26) beynəlxalq kibertəhlükəsizlik tədbirində spiker qismində iştirak edib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qapalı beynəlxalq platformada kibertəhlükəsizlik və təhdid kəşfiyyatı üzrə mütəxəssislər, hüquq-mühafizə orqanlarının nümayəndələri və siyasət formalaşdıran şəxslər bir araya gəlib. T.Məmmədov "Politically Motivated Cyber Operations" – "Siyasi motivli kiberəməliyyatlar" mövzusunda çıxış edib.

O, siyasi və geosiyasi proseslərin kiberəməliyyatların hədəf seçiminə, zamanlamasına və məqsədlərinə təsiri, kiberfəaliyyətlərin texniki telemetriya və geosiyasi kontekst əsasında kompleks təhlili, dövlət informasiya infrastrukturlarına qarşı təhdidlərin erkən mərhələdə müəyyənləşdirilməsi məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

T.Məmmədov siyasi motivli kiberəməliyyatların qiymətləndirilməsində yalnız texniki indikatorlara əsaslanmağın kifayət etmədiyini, hədəfin strateji əhəmiyyəti, siyasi zamanlama və həyata keçirilən kampaniyanın ümumi məntiqinin nəzərə alınmasınında zəruri olduğunu qeyd edib.

Təqdimatda həmçinin mərkəzləşdirilmiş monitorinq və kibertəhdid kəşfiyyatı imkanlarının ayrı-ayrı zəif siqnalları vahid mənzərədə əlaqələndirməklə potensial kiberəməliyyatların ilkin mərhələdə aşkarlanmasında mühüm rol oynadığı bildirilib. Bu çərçivədə Dövlət Xidmətinin Dövlət CERT Mərkəzinin praktiki təcrübəsi və tətbiq olunan yanaşmalar tədbir iştirakçılarına təqdim olunub.