Azərbaycanda "Sənaye 4.0 Hazırlıq Proqramı"nın icrasına başlanılıb
- 09 dekabr, 2025
- 12:26
Azərbaycanda İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "Sənaye 4.0 Hazırlıq Proqramı"nın icrasına başlanılıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal texnoloji meyilləri sadəcə müşahidə etmir, onları tətbiq və inkişaf etdirmək üçün zəruri addımlar atır:
"Dövlətin dəstəyi ilə sənayedə qabaqcıl texnologiyaların tətbiqini sürətləndirmək və müəssisələrin effektivliyini, eləcə də rəqabət imkanlarını artırmaq üçün İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "Sənaye 4.0 Hazırlıq Proqramı"nın icrasına start verilib. Proqramın məqsədi şirkətlərin texnoloji və yaşıl transformasiyasını sürətləndirməkdir. Bu çərçivədə müəssisələrin hazırkı vəziyyətinin diaqnostikası aparılır, transformasiya üzrə yol xəritələri hazırlanır və icra mərhələsinə keçid üçün maliyyə dəstəyi, o cümlədən güzəştli kreditlər təqdim olunur. Proqram pilot mərhələdə artıq müsbət nəticələr göstərib".
Nazirlik rəsmisi vurğulayıb ki, bu transformasiyanı daha da sürətləndirmək üçün Sənaye 4.0 Mərkəzi yaradılır:
"Mərkəz sənaye müəssisələri, texnologiya təchizatçıları, ali təhsil ocaqları və innovasiya ekosistemi arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək, texnoloji həllərin tətbiqinə və sahə üzrə tədqiqat-inkişaf təşəbbüslərinə praktiki dəstək göstərəcək".