Azərbaycanda Rəqəmsal Nəqliyyat və Logistika Platforması yaradılacaq
- 02 may, 2024
- 13:59
Azərbaycanda Rəqəmsal Nəqliyyat və Logistika Platforması hazırlanacaq.
“Report” xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırlıqlara başlayıb.
Məlumata görə, platformada ticarət bələdçisi modulu (Trade Guide), rezervasiya modulu (Booking), ticarət xidmətləri modulu (Trade Services), ticarət xidmətləri səhifəsi (Landing page), dashboard, eləcə də istifadəçi (Alıcı, Satıcı) modulları olacaq.
Platforma vasitəsilə sahibkarlar müxtəlif məhsullar haqqında geniş məlumata çıxış əldə edə, ticarət təklifləri yarada, ticarət əməliyyatlarını idarə edə, cari əməliyyatlar haqqında statistik məlumat əldə edə, tərəfdaşlarla, o cümlədən daşıyıcılarla əlaqə və kommunikasiya qura, həmçinin lazımi lisenziya və icazələr barədə məlumat əldə edə, onlara dair müvafiq dövlət qurumlarına müraciət edə bilərlər. Bütün bu imkanlar onlara beynəlxalq ticarət əməliyyatlarını effektiv şəkildə idarə etməyə və dünya bazarında öz bizneslərini genişləndirməyə imkan verəcək.