Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı kəskin artıb

İKT
  • 04 iyul, 2026
  • 14:24
Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 8 milyon 423 min 541 elektron məktubu emal edib.

"Report"un XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Bu ilin ilk 6 ayında emal olunan məktubların 5 milyon 736 min 86-sı istifadəçilərə çatdırılıb, 2 milyon 687 min 455-i isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bloklanmış məktubların sayı 1 il əvvələ nisbətən isə 99 % və yaxud 2 dəfəyə yaxın artıb.

Xatırladaq ki, 2025-ci ildə dövlət elektron poçt xidmətinə 17 milyon 695 min 349 məktub daxil olub, onlardan 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü zərərli tərkibli olduğu üçün blok edilib.