Azərbaycan və Türkiyə arasında kosmik sahədə əməkdaşlıq istiqamətləri açıqlanıb

İKT
  • 20 dekabr, 2021
  • 10:02
Azərbaycan və Türkiyə arasında kosmik sahədə əməkdaşlıq istiqamətləri açıqlanıb

Azərbaycan və Türkiyə arasında kosmik sahədə əməkdaşlıqla bağlı imzalanmış protokola uyğun olaraq tərəflər arasında yüksək səviyyəli görüşlər keçirilə bilər.

Bunu "Report"a açıqlamasında Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin sədri Sərdar Hüseyn Yıldırım bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə bu istiqamətdə işlər davam edir: "Azərbaycanla peyk texnologiyaları sahəsində əməkdaşlıq düşünülür, həmçinin, bura digər ünsürləri də ələva etmək istəyirik. Bu istiqamətdə gözəl gələcək görürük".

O əlavə edib ki, Azərbaycanın iki peyki var, Türkiyənin peyki daha çoxdur: "Lakin dünyada fərqli işlər həyata keçirə bilən peyklər var, "RADAR" (Radio Detecting And Ranging, Radio kanallarının tapılması və sazlanması) daşıya bilən peyklər var, bu istiqamətdə biz ortaq əməkdaşlıq edə bilərik. Belə ki, RADAR daşıya bilən peyklər vasitəsilə daha dəqiq görüntülər əldə etmək mümkündür. Başqa ölkələri də bura daxil edə bilərik. Bir peykdən hamımız istifadə edə bilərik. Bütün Avropa İttifaqına üzv olan ölkələr bir peykdən istifadə edirlər. Bu kimi işlər ölkələrimizə qazanc gətirəcək".

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin kosmik agentlikləri və müvafiq qurumlarının birinci işgüzar toplantısı keçirilir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb. Sədri Bağdad Əmrəyev olan qurumun 5 üzvü (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və 2 müşahidəçisi (Macarıstan, Türkmənistan) var.

44 - Tezliklə