Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
- 06 oktyabr, 2026
- 19:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəqəmsal Əməkdaşlıq Təşkilatı (RƏT) rəqəmsal inkişaf, süni intellekt, innovasiya və investisiya tərəfdaşlıqları üzrə Azərbaycanla təcrübə paylaşımının və praktiki əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.
"Report" xəbər verir ki, bunu RƏT-in Baş katibi Dima Əl-Yahya maliyyə naziri Sahil Babayevlə bu gün keçirdiyi görüşdə bildirib.
D. Əl-Yahya rəqəmsal transformasiya və dövlət maliyyəsinin idarəetməsinin rəqəmsallaşdırılması sahəsində Azərbaycanın reallaşdırdığı islahatları yüksək dəyərləndirdiyini ifadə edib. Görüş zamanı xəzinə sisteminin modernləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin maliyyə təminatı və investisiya perspektivləri də müzakirə mövzusu olub. Bu istiqamətdə dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə yanaşı, özəl kapitalın və beynəlxalq maliyyə qurumlarının maliyyə resurslarının cəlb edilməsinin, habelə rəqəmsal infrastruktur və innovasiya layihələrinə investisiyaların həvəsləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
S. Babayev rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal iqtisadiyyatların inkişaf etdirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində RƏT-nin fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib. Azərbaycanın RƏT-ə üzvlüyünün təsdiqinə dair qərarın məmnuniyyətlə qarşılandığını qeyd edən nazir bu təşkilatla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir qeyd edib ki, "Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal transformasiya gündəliyinin başlıca istiqamətlərini təyin edir və süni intellekt, innovasiya, kibertəhlükəsizlik, eləcə də digər prioritet sahələri özündə birləşdirir. O bildirdib ki, rəqəmsal inkişaf məsələləri ölkədə dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq xüsusi diqqətdə saxlanılır.
Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə təsis olunmuş Rəqəmsal İnkişaf Şurası rəqəmsal inkişafın əsas istiqamətləri üzrə dövlət siyasətinin formalaşdırılmasını və əlaqələndirilməsini, müvafiq tədbirlərin icrasının koordinasiyasını, həmçinin bu sahədə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasını təmin edir.
Görüşdə eyni zamanda dövlət maliyyəsinin idarəçiliyinin rəqəmsallaşdırılması yönündə aparılan islahatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi (RDMİS) büdcə idarəetməsi, xəzinədarlıq, mühasibat uçotu, dövlət satınalmaları və dövlət əmlakının idarə olunması proseslərinin vahid rəqəmsal platformada inteqrasiyasını, onların daha effektiv, çevik və operativ formada icrasını mümkün edir. Bundan əlavə, dövlət maliyyəsinin idarəçiliyində süni intellekt texnologiyalarının istifadə imkanlarına toxunan
S.Babayev RDMİS çərçivəsində süni intellektə əsaslanan həllərin işlənməsinə artıq başlanıldığını vurğulayıb. Qeyd olunub ki, gələcəkdə bu texnologiyalardan maliyyə analizi, risklərin müəyyən edilməsi, proqnozlaşdırma, anomaliyaların aşkar edilməsi və qərar qəbulunun dəstəklənməsi məqsədilə geniş şəkildə faydalanmaq üçün əhəmiyyətli imkanlar mövcuddur.