Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib
- 24 noyabr, 2025
- 18:06
Azərbaycan və Misir rəqəmsal inkişaf və İKT sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Qahirə şəhərində keçirilən Azərbaycan və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iştirak etdik. Ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verdik, Müştərək Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğuladıq", - deyə nazir qeyd edib.
R.Nəbiyev tərəflərin həmçinin qarşılıqlı investisiyalar, ticarət, qida sənayesi və kənd təsərrüfatı, energetika, nəqliyyat, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi apardığını əlavə edib.