Azərbaycan Ümumdünya Poçt İttifaqının rəhbərliyində təmsil olunmaq istəyir
- 13 may, 2025
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu il sentyabrın 7-19-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində iştirak edəcək.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda bildirib.
3 gün davam edəcək tədbiri ÜPİ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.
S.Məmmədovun sözlərinə görə, konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
"Azərbaycan poçt sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, bu istiqamətdə ikitərəfli və çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, o deyib ki, “Azərpoçt"un əsas biznesinin genişləndirilməsi – kuryer, ekspress və bağlama xidmətlərinin inkişafı, eləcə də yeni maliyyə və logistika xidmətlərinin tətbiqi nəzərdə tutulur.
"Digər əsas istiqamət isə innovasiyadır. Bu, innovativ həllərin tətbiqini, müştəri kanallarının rəqəmsallaşdırılmasını, yeni məhsul və gəlir mənbələrinin inkişafını əhatə edir”, - deyə S.Məmmədov əlavə edib.