"ASAN Xidmət": Gündəlik əməliyyatlara süni intellekti fəal şəkildə adaptasiya etmişik
- 23 noyabr, 2026
- 14:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") gündəlik əməliyyatlarına süni intellekti fəal şəkildə adaptasiya edib.
"Report" xəbər verir ki, bunu agentliyin tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Vüsal Rüstəmov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, qurum daxili botlar, xidmət keyfiyyəti problemlərinin avtomatik aşkarlanması, sentiment analizi və sair hazırlayıb: "Lakin bundan əlavə, ölkənin süni intellekt transformasiyasına töhfə vermək üçün biz "ASAN AI Hub" adlı rəqəmsal açıq innovasiya platforması hazırladıq. Məqsəd ölkədə süni intellektə əsaslanan həllərin və istifadə ssenarilərinin tətbiqində oyunçular arasında davamlı əməkdaşlığı təşviq etmək idi: dövlət və özəl qurumlar, universitetlər, tədqiqat və inkişaf mərkəzləri, tədqiqatçılar və əlbəttə ki, startap ekosistemi".
V.Rüstəmov qeyd edib ki, platforma 4 sütun üzərində qurulub: "Birincisi açıq innovasiyadır. İstənilən dövlət və ya özəl şirkət öz çağırışını platformada dərc edə bilər, lakin onlar ehtiyaclarını və gözlədikləri süni intellektə əsaslanan həlləri konkret şəkildə ifadə etməlidirlər. Müvafiq olaraq, startaplar, tədqiqatçılar və tədqiqat mərkəzləri həmin çağırışlara cavab verən həllər təklif edə bilərlər. Hal-hazırda 4 çağırış yerləşdirilib və 15 həll təqdim edilib. Həllərin təxminən 30-40 %-i xaricdən gəlib. İkincisi süni intellekt savadlılığıdır ki, bu bizim üçün çox vacibdir. "Apolitical", "Breakthrough", "GenAI Works", "Elements of AI" və sair kimi qlobal tərəfdaşlarla əməkdaşlığımız vasitəsilə platformada onlayn proqramlar və kurslar platformamızda qeydiyyatdan keçmiş istifadəçilər üçün pulsuz və ya endirim kuponu ilə əlçatandır. Məsələn, "Apolitical"ın təqdim etdiyi proqramlardan birini "Bocconi" İdarəetmə Məktəbi hazırlamışdı".
"Üçüncüsü biznes kataloqudur. Burada Azərbaycandan və dünyadan təxminən 100 startap daha geniş görünürlük və bazar əhatəsi əldə etmələri üçün platformaya daxil edilib. Forumdan əvvəl siyahını nəzərdən keçirdim, startaplardan ikisi İtaliyadan idi. Biri Milan mərkəzli "M-Momentum", sənayedə mexaniki deqradasiyanı aşkar etmək üçün süni intellektdən istifadə edir; ikincisi, Sardiniyanın Kalyari şəhərindən olan "Rombo" kimyəvi komponentləri təhlil etmək üçün süni intellektdən istifadə edir. Dördüncü sütun isə sənaye, real sektor ilə universitetlər və tədqiqat-inkişaf mərkəzləri arasında əməkdaşlığın asanlaşdırılmasıdır. Fəlsəfəmiz çox aydın və sadədir, xüsusən dünyanın sürətlə dəyişdiyi bu günlərdə", - deyə o əlavə edib.