Andres Oyaver: "Süni intellektin hüquqi və texniki təməl olmadan tətbiqi mənasızdır"

İKT
  • 20 oktyabr, 2026
  • 12:25
Andres Oyaver: Süni intellektin hüquqi və texniki təməl olmadan tətbiqi mənasızdır

Süni intellektin geniş yayıldığı dövrdə əsas məsələ onun təhlükəsiz, hesabatlı və qanunauyğun istifadəsinin necə təmin edilməsindən ibarətdir.

"Report" xəbər verir ki, bu bəyanatla "Hedman" şirkətinin məlumatların məxfiliyi üzrə hüquqi məsləhətçisi, Tallin Texniki Universitetində süni intellekt və fərdi məlumatların qorunması mövzuları üzrə mühazirəçi Andres Oyaver Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Ekspert qeyd edib ki, müvafiq həllərin rəsmi satınalmaları olmasa belə, süni intellekt faktiki olaraq artıq müasir təşkilatların işinə inteqrasiya olunub: "Mövcud şəraitdə bu cür texnologiyaların tam qadağan edilməsi nəticə vermir, çünki işçilər "kölgə süni intellekt"ə üz tuturlar - təşkilatın daxili reqlamentlərindən yan keçərək, ondan şəxsi smartfonlarında və ya digər cihazlarda istifadə edirlər".

A.Oyaver deyib ki, Avropa qanunvericiliyi, o cümlədən GDPR, ixtisaslaşdırılmış "Süni intellekt haqqında" qanun və "Kiberdayanıqlılıq haqqında" qanun zəruri hüquqi çərçivəni formalaşdırır, lakin reallıqda gündəlik təcrübə kağız üzərində qeyd olunmuş qanunvericilik normalarından xeyli mürəkkəbdir: "Süni intellektin zəif texniki və hüquqi təməl üzərində qurulması mənasızdır, çünki etibarsız əsas üzərinə tətbiq edilən yeni texnologiyalar yalnız mövcud boşluqları daha da kəskinləşdirə bilər".