Anar Cəfərov: "Arıçılıq sahəsində rəqəmsal həllərin tətbiqinə dövlət dəstəyi göstərilə bilər"
- 17 dekabr, 2025
- 14:34
Azərbaycanda arıçılıq sahəsində rəqəmsal həllərin tətbiqi və məlumat bazasının formalaşdırılması istiqamətində yeni layihələrə dövlət dəstəyi göstərilə bilər.
"Report" xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalı çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda keçiriləcək IV Aqrar Startaplar və İnnovasiya Forumu bu cür təşəbbüslərin inkişafı üçün əsas platformalardan biri olacaq: "Forum Kənd Təsərrüfatı Nazirliyin maliyyə dəstəyi ilə keçirilir. Burada data analitikası, süni intellekt və kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan gənclər iştirak edir və real sahə problemlərinin həlli üzərində işləyirlər".
A.Cəfərov vurğulayıb ki, aqrar sahədə yaradılan startaplar yalnız qlobal ideyalara deyil, eyni zamanda fermerlərin gündəlik ehtiyaclarına cavab verməlidir: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş yüz minlərlə fermer var. Əgər hər hansı mobil tətbiq və ya texnoloji qurğu fermerlərin gəlirlərini artırır və xərclərini azaldırsa, bu həllər praktikada mütləq tətbiq olunacaq".
O əlavə edib ki, Lənkəran Dövlət Universiteti və Lənkəran Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində smart arıçılıq layihəsinin həyata keçirilməsi planlaşdırılır: "Bu layihə hazırda gündəmdədir və ümid edirik ki, yeni ildə ona əlavə təkan veriləcək".