Aİ-də yüksək riskli süni intellekt sistemlərinə dair məcburi tələblər gələn ilin sonunadək təxirə salınıb
- 20 oktyabr, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) süni intellektin tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın qurulmasında ciddi çətinliklərlə üzləşir ki, bu da bazar iştirakçıları üçün əsas öhdəliklərin daha sonrakı müddətlərə keçirilməsinə səbəb olur.
"Report" xəbər verir ki, bu barədə "Hedman" şirkətinin məlumatların məxfiliyi üzrə hüquqi məsləhətçisi, Tallin Texniki Universitetində süni intellekt və fərdi məlumatların qorunması mövzuları üzrə mühazirəçi Andres Oyaver Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Mütəxəssis vurğulayıb ki, Avropa tənzimləmə sisteminin tətbiqi prosesi hələ tamamlanmaqdan çox uzaqdır: "Xüsusilə, dövlət xidmətləri sahəsində istifadə olunan həllər də daxil olmaqla, yüksək risk səviyyəli avtonom süni intellekt sistemləri üçün məcburi tələblərin qüvvəyə minmə tarixləri 2026-cı ilin avqustundan 2027-ci ilin dekabrına keçirilib. Tənzimlənən məhsullara inteqrasiya olunmuş süni intellekt üçün normativlər 2028-ci ilin avqustuna qədər təxirə salınıb, yenilənmiş qadağan olunmuş təcrübələr isə 2026-cı ilin dekabrından qüvvəyə minəcək".
A.Oyaver əlavə edib ki, bu istiqamətdə vaxtın təxirə salınmasının səbəbi isə əlaqədar infrastrukturun hazır olmaması, həmçinin vahid harmonizasiya edilmiş standartların işlənib hazırlanması prosesinin uzanmasıdır: "Bundan əlavə, Avropa Komissiyası rəhbər prinsiplərinin buraxılışına davam edir, Aİ-yə üzv dövlətlər isə hələ də bazara nəzarət üzrə milli nəzarət orqanlarının yaradılması mərhələsindədirlər".