ADB: ADY insan resurslarının rəqəmsal idarə olunması üzrə beynəlxalq tender elan edib

İKT
  • 21 avqust, 2026
  • 14:28
ADB: ADY insan resurslarının rəqəmsal idarə olunması üzrə beynəlxalq tender elan edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) "SAP SuccessFactors" (SaaS) insan resurslarının idarə olunması üzrə "bulud həlli"nin satın alınması və əlaqədar xidmətlərin göstərilməsi üçün beynəlxalq tender elan edib.

"Report" Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, satınalma ADB-nin krediti hesabına maliyyələşdirilən ADY-nin rəqəmsal transformasiyası layihəsi çərçivəsində həyata keçirilir.

Müqavilə 1 800 istifadəçi üçün "Employee Central", 1 650 istifadəçi üçün "Performance & Goals", 1 650 istifadəçi üçün "Career Development Planning" və 1 650 istifadəçi üçün "Learning Management System" modulları daxil olmaqla "SAP SuccessFactors" proqram təminatına 36 aylıq abunəliklərin alınmasını nəzərdə tutur.

Müqavilə çərçivəsində həmçinin həllin layihələndirilməsi, konfiqurasiyası və inteqrasiyası, məlumatların miqrasiyası, istifadəçilərin təlimi və texniki dəstək üzrə peşəkar xidmətlərin göstərilməsi nəzərdə tutulur. Xidmətlərin göstərilmə müddəti 6 aydan 18 aya qədərdir.

Müsabiqə təkliflərinin qəbulu 2026-cı il oktyabrın 2-də başa çatacaq.

ADY-nin rəqəmsal transformasiyası layihəsi dəmir yolu operatorunun əsas biznes proseslərinin tam rəqəmsallaşdırılmasına və vahid məlumat idarəetmə sisteminə inteqrasiyasına yönəlib.

Layihənin ümumi dəyəri 60,52 milyon ABŞ dolları təşkil edir, bunun 47 milyon dolları 2025-ci ilin martında qüvvəyə minmiş ADB krediti şəklində cəlb olunur, 13,52 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirməni təşkil edir.

Layihə dəmir yolu daşımalarının və aktivlərin idarə edilməsinin, investisiya planlaşdırmasının, yük müştəriləri ilə qarşılıqlı əlaqənin, eləcə də korporativ funksiyaların və insan resurslarının idarə edilməsinin rəqəmsallaşdırılmasını əhatə edir.

Proqramın əsas məqsədləri ADY-nin əməliyyat və maliyyə səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması, hərəkət təhlükəsizliyinin və işçi heyətinin iş səmərəliliyinin yüksəldilməsidir.

44 - Tezliklə