4SİM: KOB subyektlərinin texnoloji dəyişikliklərə adaptasiyası çox vacibdir

İKT
  • 05 noyabr, 2025
  • 17:52
4SİM: KOB subyektlərinin texnoloji dəyişikliklərə adaptasiyası çox vacibdir

Azərbaycandakı kiçik və orta biznes (KOB) subyektlərinin texnoloji dəyişikliklərə adaptasiya olunması çox vacibdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və Monitorinq departamentinin rəhbəri Əzizə Vidadi Bakıda keçirilən "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirinin II günündə bildirib.

Onun sözlərinə görə, bunu süni intellektin tətbiqi ilə əlaqədər yüksələn rəqabət mühiti tələb edir: "Fikrimcə, xüsusilə KOB-ların data və rəqəmsal savadlılığa, analitik düşüncəyə, adaptiv intellektə sahib olması mühüm əhəmiyyət kəsb edir. Dövlət qulluqçularına gəldikdə, onlar hökumətin bütöv strategiyalarını, vizyonunu və s. hazırlamaq üçün data əsaslı idarəetməyə fokuslanmalı, texnoloji dəyişiklikləri və hökuməti gözləyən çağırışları daha yaxşı proqnozlaşdırmaq üçün strateji öngörüşü təcrübədən keçirməli, və əlbəttə ki, təşkilati çeviklik və rəqəmsal adaptasiya yaratmalıdır. Bunlar KOB-lar və dövlət qulluqçuları üçün lazım olan əsas bacarıqlardır".

Ə.Vidadinin sözlərinə görə, kənd təsərrüfatı, tikinti, çatdırılma işçiləri və satıcıların sayında sürətli artım tempi müşahidə olunur: "Bunlar məşğulluq sahəsində ən sürətlə artan peşələrdir. Bunun əksinə, inzibati işçilərin, məsələn, köməkçilərin sayı çox sürətlə azalacaq. Hesab edirəm ki, tibb bacıları, müəllimlər və sosial işçilər də süni intellekt, maşın öyrənməsi, data analitikləri və s. kimi texnologiya ilə əlaqəli bacarıqlarını artıracaq".

Son xəbərlər

Bütün Xəbər Lenti