4SİM: 3 pilot təşkilata dəstək göstərilib
- 05 mart, 2026
- 11:56
Azərbaycanda "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində 3 pilot təşkilata dəstək göstərilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, strategiyada 3 ana istiqamət müəyyən edilib: "Bunlar, biznes, cəmiyyət və dövlətdir. Ümumilikdə 50 təşəbbüs nəzərdə tutulub".
4SİM direktoru qeyd edib ki, sənəddəki bəzi əsas bəndlər, "Rəqəmsal inkişafa dəstək proqramı" (dövlət subsidiyası hesabına), "Generativ Süni İntellektin iqtisadiyyatda tətbiqi", "Rəqəmsal əkiz (Digital Twin) vasitəsilə simulyasiyaların hazırlanması", "Beynəlxalq sertifikat alan Azərbaycan vətəndaşlarının vəsaitlərinin geri qaytarılması", "Xaricdə təhsil və vergi mexanizmlərinin təkmilləşdirilməsi"dir. Artıq 2026-cı ildə biz bu proqrama başlamışıq və 3 pilot təşkilata dəstək göstərmişik. Ekspertlərimiz zavod və fabriklərə gedərək biznes prosesləri, istehsal prosesini və texnoloji hazırlığı qiymətləndirirlər".
"2026-cı ildə qlobal rəqəmsal iqtisadiyyatın dəyərinin 28 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu isə cari qlobal Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 25 %-nə bərabərdir. 2030-cu ilə qədər isə bu rəqəmin 40 % olacağı gözlənilir", - deyə o qeyd edib.