Xüsusi dövlət tapşırığı, istiqamət Xankəndi - 8 kəşfiyyatçının qəhrəmanlıq dastanı - REPORTAJ

Hərbi
  • 10 aprel, 2023
  • 13:09
Xüsusi dövlət tapşırığı, istiqamət Xankəndi - 8 kəşfiyyatçının qəhrəmanlıq dastanı - REPORTAJ

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış, məşhur Xocavənd əməliyyatından 26 il ötür.

1997-ci ildə Azərbaycan Ordusunun kəşfiyyat qrupu təmas xəttini keçərək düşmən mövqelərinin dərinliklərinə sızaraq döyüş tapşırığını uğurla yerinə yetirib. Geri qayıdarkən heyətin bir hissəsi mühasirəyə düşüb, ancaq təslim olmayıb, onlar böyük müqavimət, şücaət göstəriblər və sonda qrup şəklində özlərini qumbara ilə partladaraq Vətən uğrunda fədakarlığın unikal nümunələrindən birini yaradıblar. Artıq üçüncü ildir ki, dövlət qurumları onların ailə üzvlərinin Şuşaya və Xocavəndə səfərini təşkil edir.

Budəfəki səfərdə mən də iştirak edirdim. Səhərə yaxın, altıya 15 dəqiqə qalmış Şəhidlər xiyabanı yaxınlığında görüşür və yola düşürük. Təşkilatçılar bizi səfər proqramı ilə tanış edirlər. Məlum olur ki, hələ qarşıda ziyarət edəcəyimiz xeyli ünvan var.

Səfərdə iştirak edən Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, jurnalist, filologiya elmləri namizədi Jalə Cəfərova öz təəssüratlarını bölüşüb. O, “Report”a açıqlamasında kəşfiyyatçıların ailələri ilə birlikdə olduğunu, şəhidlərimizin unudulmaması üçün çalışdığını deyir:

Jalə Cəfərova

“Artıq mən də həmin ailələrin üzvünə çevrilmişəm. Gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından kəşfiyyatçılarımızın döyüş yolu nümunədir. Təkcə ona görə yox ki, onlar böyük qəhrəmanlıq göstəriblər. Həm də ona görə ki, bizim Vətən müharibəsindəki qələbəmizin kökləri, bəlkə də, məhz 26 il əvvəl, həmin şəhidlərimizin xüsusi əhəmiyyətli döyüş tapşırığını yerinə yetirdiyi vaxt qoyulub”.

J.Cəfərovanın sözlərinə görə, həmin 8 hərbçi bir vətənpərvərlik, qəhrəmanlıq məktəbi yaradıblar: “2020-ci ilin müharibəsində bizə qələbə sevinci yaşadan əsgər və zabitlərimiz isə o məktəbin davamçılarıdırlar. Biz Hadrut və Şuşaya həm sevinclə, həm də qüssə ilə gəlirik. Mən şəhidlərimiz haqqında “Əbədi yaşayanlar” adlı kitab yazmışam. Həmin kitab türk dilinə də tərcümə olunub. Sözsüz ki, bu addım dənizdə damladır. Belə təşəbbüslərin davamı gəlməli, kəşfiyyatçılarımızın döyüş yolu məktəb dərsliklərinə salınmalıdır. Düşünürəm ki, bu, olacaq. Kəşfiyyatçılarımız fərqli bölgələrdən olsalar da, onları müxtəlif ana-atalar böyütsələr də sanki eyni xarakterə, eyni tərbiyəyə sahib olublar. Şübhəsiz ki, bunun səbəbi Vətən sevgisidir”.

Səfər iştirakçıları Qarabağa doğru irəliləyir. Şəhidlərimizin analarını, qardaşlarını, bacılarını müşahidə edirəm. Gözlərindən, baxışlarından hiss olunur ki, qürurludurlar, mübarizdirlər. Əlbəttə, təkcə onlar yox, elə biz də şəhidlərimizlə fəxr edirik. Bəlkə də, 26 il əvvəl Xocavənd əməliyyatı uğurla yerinə yetirilməsə idi, indi bir çox şeylər fərqli ola bilərdi. Nəzərə almaq lazımdır ki, həmin əməliyyat xüsusi dövlət əhəmiyyətli olub və təfərrüatları indiyədək açıqlanmayıb. Yolda olarkən hazırda Şuşada olan iş yoldaşımla danışıram. Gəldiyimizi deyirəm, harada olduqlarını soruşuram. Deyir ki, gəlin, görüşərik. Qəribədir, 3 il əvvələ kimi nəinki Şuşada görüş təyin etməyimiz, bura gedəcəyimizi də təsəvvür etməzdik. Hərçənd həmişə - 30 il boyu bu arzu ilə yaşamışıq. Ümidimiz bir an belə olsun ölməyib. Çünki bizim X əməliyyatında iştirak edən 8 kəşfiyyatçımız kimi minlərlə gəncimiz, oğlumuz var.

Füzulidəykən pəncərədən çölə baxıram. Əvvəllər, yəni Vətən müharibəsinə qədər burada təmas xətti olub. 44 günlük döyüşlər nəticəsində isə Azərbaycan ordusu düşmənin müdafiə xəttini yarıb keçib. Hələ də ətrafda dağıdılmış düşmən texnikaları var. Onlar İkinci Qarabağ müharibəsinin “yadigarıdır”.

Xətai Baxışov

Xocavəndə çatanda ilk olaraq şəhidlərimizin mühasirəyə düşdüyü yerə gedirik. Ehtiyatda olan polkovnik, kəşfiyyatçılarımızın komandiri olmuş Xətai Baxışov bildirir ki, bu hadisənin nəinki Azərbaycan, dünya hərb tarixində də oxşarı yoxdur: “Onları tapşırığın yerinə yetirilməsinə mən göndərmişdim. Həmin hərbçilər ən yaxşı xüsusi təyinatlı kəşfiyyatçılarımız idi. Qorxmazlar dəstəsi adlanırdı. Həmin heyətdə Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov olub. Həmin gün verilən iki tapşırığı iki fərqli istiqamətdə yerinə yetirmək üçün iki kəşfiyyat qrupu göndərilmişdi. Onlardan hər ikisi də döyüş tapşırığını uğurla yerinə yetirib. Təəssüflər olsun ki, qruplardan biri geri qayıtsa da, digər qrupumuz düşmən pusqusuna düşüb. Kəşfiyyatçılarımız düşmənlə sona qədər vuruşub, amma güllələri bitib. Ona görə də son çarə özlərini partladaraq məhv etmək olub. Əlbəttə, hərbçilərini itirmək bir komandir üçün çox ağırdır, lakin onların qəhrəmanlığını yadıma salanda qürurlanıram”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, səkkiz nəfərdən yalnız biri sağ qalıb: “Həmin hərbçi Aqil Əhmədovdur. O, meşədə huşunu itirib və düşmənin əlinə keçib. Əlbəttə, Aqilə işgəncələr verib, ondan informasiya almaq istəyiblər. Amma kəşfiyyatçımız heç bir hərbi sirri açıqlamayıb. Dediyinə görə, ona ən çox verilən sual Azərbaycan Ordusunun bu şücaəti, qorxmazlığı necə formalaşdırmaları barədə olub. Ermənilər bizim hərbçilərin qəhrəmanlığına heyran qalırdı. Bunun nəticəsidir ki, düşmən digər yeddi kəşfiyyatçımızı şəhid olduğu yerdə təntənəli şəkildə dəfn edib, orada andiçmə mərasimləri keçirib. Onlar bizim kəşfiyyatçıları öz əsgərlərinə nümunə göstərirdilər. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində altı aydan sonra erməni meyitlərinin müqabilində şəhid kəşfiyyatçılarımızın nəşini geri ala bildik. Bu zaman çox çətinliklər yaşadıq. Özünü partladaraq şəhid olan kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov ölümündən sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər”.

Sonra Füzulinin Yuxarı Güzdək kəndində şəhidlərimizin abidəsini ziyarət edirik. Hərbçilərin ailə üzvləri kəşfiyyatçılarımızın şəkillərinin vurulduğu lövhənin önünə tər qərənfil düzürlər. Şəhid yaxınları bu zaman göz yaşlarını saxlaya bilmirlər. Elə biz də kövrəlirik. Çünki kəşfiyyatçılarımız təkcə analarının, atalarının, bacı və qardaşlarının yox, bizim hamımızın əzizləridir. Onlar Vətən oğludur.

Rzayeva Siyafət

Qəhrəman kəşfiyyatçımız Anar Rzayevin anası Rzayeva Siyafətə yaxınlaşıram. O deyir ki, hələ uşaqlıqdan oğlunun yaradıcılığa böyük meyli olub: “Xidməti dövründə onun əsas işi yazmaq olub. Amma döyüş yoldaşlarını tək qoymayıb, deyib ki, mən də gedəcəm. Əlbəttə, ana üçün övladını, xüsusilə ilk övladını itirmək çox ağırdır”.

Milliyətcə ləzgi olan leytenant Vüqar Yarəhmədovun anası Elza Yarəhmədova da bizimlə fikirlərini bölüşür. O söyləyir ki, oğlunun orduda xüsusi tapşırıqları yerinə yetirdiyindən xəbəri olmayıb: “Cəbhəyə gedib-gələndə mənə deyirdi ki, təlimlərdə oluram. Görünür, mənim narahat olacağımdan ehtiyat edib, gerçəyi demək istəmirdi. Bir dəfə mənə dedi ki, yenə təlim var və onun üçün çoxlu qurudulmuş çörək yığmağımı xahiş etdi. Novruz bayramı günləri idi. Çantasına xeyli şirniyyat da qoydum. Vüqar manqa komandiri olub. O, həmişə əsgərlərinin qayğısına qalırdı”.

Elza Yarəhmədova

Elza xanım bildirir ki, Vüqarın hərbiyə həvəsinin yaranmasında onun babasının da rolu olub: “Mənim atam İkinci Dünya müharibəsinin iştirakçısı olub. O, həmişə nəvəsinə, yəni Vüqara öz döyüş yolundan danışar, bir növ hərb sənətini oğluma təbliğ edirdi. Vüqarın hərbçi olmağının səbəbi, bəlkə də, atam olub. Oğlum sonuncu dəfə martın 30-da evdən çıxdı. Sonra isə onu görmədim. Bildiyimə görə, qumbaranı partladan Vüqar olub. Onu da deyim ki, oğlum hekayə də yazırdı. Amma yazıları yarımçıq qalıb”.

Dinar Mustafayevin bacısı Yazanə Mustafayeva söyləyir ki, qardaşının şəhid olması xəbəri onlar üçün gözlənilməz olub: “Çünki həmin vaxt atəşkəs idi. Dinar şəhid olandan sonra həyatımız alt-üstü oldu. O, kəşfiyyat fəaliyyəti ilə bağlı bizə heç nə deməmişdi. Qardaşımın kəşfiyyatçı olduğunu yalnız şəhid olandan sonra bilmişəm. Qrup tapşırığı uğurla yerinə yetirib geri qayıdarkən yaşlı erməni qadın onları görüb. Məndə olan məlumata görə, kəşfiyyatçılar qadını öldürüb-öldürməmək barədə müzakirə aparıblar. Amma humanistik edib qadına dəyməyiblər. O isə erməni tərəfinə məlumat verib. Beləliklə, qardaşımgil qayıdanda mühasirəyə düşüblər və son gülləyə qədər döyüşüblər”.

Yazanə Mustafayeva

Fariz Cavadovun qardaşı Eyvaz Cavadov da kəşfiyyatçılarımızın döyüş yolu barədə danışdı: “Qardaşım 1993-cü ildə hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə olduğu dövrdə daim fərqlənib, təşəkkürnamələrə layiq görülüb. 1997-ci il aprelin 7-də xüsusi dövlət tapşırığını yerinə yetirmək üçün 7 döyüş yoldaşı ilə birlikdə düşmənin arxasına keçiblər. 3 gün ərzində lazımi məlumatları toplayıblar. Qayıdanda mühasirəyə düşüblər. Dəfələrlə mühasirədən çıxmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Nəhayət, qucaqlaşıb və qumbara ilə özlərini partladıblar”.

Eyvaz Cavadov

F.Cavadovun sözlərinə görə, şəhidlərin nəşinin geri qaytarılmasında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub.

Şəhid ailələri ilə söhbətdən sonra Şuşaya yollanırıq. Qala şəhər bizi təmiz, sərin havası ilə qarşılayır. Birlikdə Cıdır düzünə gedirik. Şəhidlərin ailə üzvləri fotolar çəkirlər. Kənardan onları izləyirəm. Möcüzəvi şəkildə sağ qalmış, uzun müddət düşmənin əsirliyində olmuş Aqil Əhmədov sıldırım qayalara sarı gedir. Həyat yoldaşı xəbərdarlıq edir, “getmə” deyir. Qəhrəman hərbçimiz isə “Qorxmayın” deyir və oğlu ilə həyat yoldaşını da yanına çağırır. Bilirəm ki, əslində demək istədikləri daha çoxdur. Bəlkə də, ürəyindən “Belə şeydən qorxmağa dəyməz, biz ən çətinini görmüşük” demək keçir...

Biz Cıdır düzündə olarkən Xankəndidəki ermənilərin bizi görüb-görmədiyini dəqiq bilmirəm. Əgər gördülərsə, qoy bilsinlər ki, məhz Xocavənd əməliyyatı və onun kimi onlarca başqa hərbi tapşırığın uğurla yerinə yetirilməsi nəticəsində biz torpaqlarımıza qayıtmışıq. Əbədi və birdəfəlik!

Foto: Cavid Osmanov