Hidayət Əzimov: Son 9-10 ayda 100-ə yaxın gənc mühəndis müdafiə sənayesi sahəsinə cəlb edilib

Hərbi
  • 02 oktyabr, 2026
  • 12:32
Hidayət Əzimov: Son 9-10 ayda 100-ə yaxın gənc mühəndis müdafiə sənayesi sahəsinə cəlb edilib

Son 9-10 ay ərzində ölkənin aparıcı universitetlərindən 100-ə yaxın gənc mühəndisin müdafiə sənayesi sahəsinə cəlb edilməsi həyata keçirilib.

"Report" xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ADEX 2026 çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda 200-ə yaxın tələbənin bu istiqamətdə praktiki məşğələləri davam etdirilir:

"Bu, Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya və Mərkəzi ilə universitetlərin birlikdə apardığı layihə çərçivəsində həyata keçirilir".

Nazir müavini bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 2025-ci ilin noyabr ayından etibarən insan kapitalının yetişdirilməsi istiqamətində fəaliyyətini genişləndirməyə başlayıb:

"Hazırda Azərbaycanın 9 universiteti ilə əməkdaşlıq qurmaqla sənaye-universitet kooperasiyasının təmin edilməsini həyata keçirməkdəyik. İlk dəfədir ki, ADEX 2026 sərgisi çərçivəsində müdafiə sənayesi üzrə universitetlərin iştirakı baş tutur və 9 universitetin tələbələri müdafiə sənayesinin mütəxəssisləri ilə birgə hazırladıqları məhsulları nümayiş etdirirlər".