Heydər Əliyev adına Hərbi İnstitutda xarici ölkələrdən olan kursantlar da təhsil alır – REPORTAJ

Hərbi
  • 18 mart, 2025
  • 14:00
Heydər Əliyev adına Hərbi İnstitutda xarici ölkələrdən olan kursantlar da təhsil alır – REPORTAJ

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda yerli tələbələrlə yanaşı, xarici ölkələrdən olan kursantlar da təhsil alırlar.

"Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta təşkil olunan mediatur zamanı bildirilib.

İnstitutun rektoru polkovnik Ümidvar Quliyev deyir ki, hazırda təhsil müəssisəsində 3 ölkədən xarici kursant təhsil alır:

"Burada Qırğızıstan, Tacikistan və Türkiyədən olan xarici kursantlar da təhsil alır. Həmçinin, yaxın müddətdə İtaliyadan olan nümayəndələrin instituta gələcəyi gözlənilir. Gələcəkdə bu ölkənin vətəndaşları da bizim institutda təhsil ala bilərlər".

Rektorun sözlərinə görə, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna sənəd qəbulu bu ildən elektronlaşdırılıb:

"Sənəd qəbulu prosesində şəffaflığı artırmaq üçün bu sahədə bir çox tədbirlər həyata keçirilir. Onlardan biri də sənəd qəbulunun elektronlaşdırılmasıdır. Bu, bölgələrdə yaşayan vətəndaşların işini daha da asanlaşdırıb".

Mediatur zamanı institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Milli Müdafiə Universitetinin bölmə rəisi Orxan Qarayev deyib ki, İkinci Qarabağ müharibəsində institutun kursantları da iştirak ediblər.

"Burada təhsil alan xarici ölkə vətəndaşları ilə yanaşı, bizim kursantlarımız da Türkiyə, Cənubi Koreya, Almaniya, Rusiya və İtaliyada təhsil alır. Hər il 100 nəfərə yaxın kursant təhsil almaq üçün Türkiyəyə göndərilir", - Orxan Qarayev qeyd edib.

Tədbir zamanı təhsil müəssisəsinin saytının yenilənmiş versiyası və elektron sənəd qəbulu barədə də məlumat verilib. Təhsil ocağında fəaliyyət göstərən Heydər Əliyev ideoloji mərkəzi barədə danışılıb. Bildirilib ki, bura gələn qonaqların gətirdikləri hədiyyələr mərkəzdə sərgilənir. Həmçinin, Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin 1979-cu ildə institutun xatirə dəftərinə yazdığı qeydləri də nümayiş olunur.

Sonra Hərbi Dəniz Qüvvələri fakültəsinin dərs prosesini izləyirik. Burada kursantlara hərbi və digər sahələrdə biliklərin aşılandığı bildirilir.

İnstitutda elektron kitabxana da fəaliyyət göstərir. Bu kitabxanada 500 min kitabın olduğu deyilir.

İnstitutda olan kiçik güclü radiostansiyalar sinifi barədə məlumat verilir. Məlumata görə, burada kursantlara radio mübadilə, gizli və açıq rejimdə danışıq qaydaları və digər biliklər aşılanır. Təhsil ocağında fəaliyyət göstərən mühəndis maneələri sinifində minalar və partlayıcı qurğular, Hərbi əməliyyatların idarə edilməsi sinifində maket üzərində qərarın məruzəsi, elektron atış sinifində isə kursantlar praktik atış bacarıqlarını inkişaf etdirirlər.

Heydər Əliyev adına Hərbi İnstitutun sinif otaqları ilə tanışlıqdan sonra mediatura kursantlarla olan söhbətimizlə davam edirik.

Türkiyəli kursant Okan Arda Taşova deyir ki, Azərbaycana 6 ay əvvəl hərbi təhsil almağa gəlib:

"Azərbaycan dilində danışmağı az-çox öyrənmişəm. Heydər Əliyev adına Hərbi İnstitutda azərbaycanlı qardaşlarımla təhsil almaq mənim üçün qürurvericidir. Birinci kurs olduğum üçün ixtisasım hələ ki bəlli deyil. Burada taktiki fənləri, ərazidə idarəetməni, əmr verməyi və digər bilikləri öyrənirik. Azərbaycan və Türkiyə arasında olan hərbi təlimlər, əməliyyatlar və digər hərbi əməkdaşlıq zamanı dil probleminin olmaması bu işdə ən böyük üstünlükdür. Zərurət olsa, təhsilimi başa vurduqdan sonra Azərbaycanda xidmətimi davam etdirə bilərəm".

Azərbaycanlı kursant Sinan Çobanov deyir ki, təhsil müəssisəsində hərbi biliklərlə yanaşı, mülki fənlər də tədris olunur:

"Burada təhsil almaq hərbi sahə ilə yanaşı, mülki sahələrdə də fəaliyyət göstərməyə imkan yaradır. Təhsil ocağında ixtisaslaşdırılmış peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Hazırda dördüncü kursdayam, Hava Hücumundan Müdafiə Kafedrasının zenit raket ixtisası üzrə təhsil alıram. Bu ixtisasdan məzun olan zabit Azərbaycan Ordusuna havadan gözlənilən potensial hücumların qarşısını alınması üzrə xüsusi biliklərə yiyələnir. Bu biliklərə zenit raket qoşunlarında zenit silahlardan ballistik və aerodinamik hədəflərə qarşı müdafiə üsulları və digərləri aiddir".

Kursantlarla söhbətimizi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi İnstitutun idman zalları, futbol və qaçış meydançaları ilə tanış oluruq. Onlar burada günün nizam qaydasına uyğun olaraq müxtəlif fiziki hərəkətlərlə məşğul olurlar.

Qeyd edilib ki, hərbi təhsil müəssisənin əsas uğurlarından biri də xarici ölkələrlə hərbi əməkdaşlıqdır. Ötən ay Hərbi İnstitutun məzunu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutla tanışlıqdan sonra Azərbaycanda peşəkar zabit kadrların yetişməsi üçün yaradılan şərait və imkanların kifayət qədər olduğuna bir daha əmin olduq.

Foto: Vüqar Xanlarov