"Flaminqo" raketinin yaradıcısı: Müharibə konsepsiyası tamamilə dəyişib
- 06 iyul, 2026
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada hazırda müasir müharibə aparmağı bacaran yalnız iki ordu var - Ukrayna və Rusiya ordusu.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində "Flaminqo" uzaqmənzilli raketinin və bir sıra milli dronlarının ixtiraçısı və baş konstrukturu, "Fire Point" şirkətinin təsisçisi Denis Ştilerman deyib.
O hesab edir ki, Ukrayna ordusu daha güclüdür, texnoloji cəhətdən daha irəlidədir:
"Təkamül kökündən baş verib. Hər şey dəyişib. Dörd il əvvəl effektiv olan silahlar, hansısa haubitsalar, "Haymers"lər artıq döyüş meydanında heç bir əhəmiyyət daşımır".
D. Ştilerman deyib ki, cəbhə xəttindən 80 kilometr artıq ərazi də təhlükəli zonadır.
"Yəni, təhlükəsiz məsafədən atış açmaq istəsən gərək ən azı 100 kilometr və daha uzaq məsafə seçməlisən. Müharibə konsepsiyası tamamilə dəyişib. 4 il əvvəl effektiv olan şeylər indi ümumiyyətlə heç kimə lazım deyil. Artilleriya, tanklar, ümumiyyətlə lazımsız bir texnikaya çevrilib. Amma biz görürük ki, Avropa 2025-ci ildə tank almağa on milyardlarla avro xərcləyib. Bu ən azı mənasızdır", - o deyib.
Müsahib bildirib ki, Ukrayna hazırda ballistik raket hazırlayır – artıq sınaqdan keçən FP-7 və yeni FP-9.
"FP-7 uçuş məsafəsi 300 kilometr olacaq və o sovetin S-400 raketinin klonudur. FP-9 isə 800 kilometr məsafəyə uçacaq və döyüş hissəsində 850 kiloqram daşıyacaq", - o bildirib.
D. Ştilerman qeyd edib ki, Ukraynada əsas istehsal uzağı vuran dron FP-1 və "Middle Strike" (orta məsafəyə zərbə - red.) FP-2-dir:
"Bunlarla, Rusiyada körpülər dağıdılır, müvəqqəti işğal olunmuş ərazilərdə logistikaya zərbələr vurulur. Bu, hazırda 60 kiloqram partlayıcını 3 000 kilometrə və ya 200 kiloqram partlayıcını 380 kilometrə qədər daşıyan dronlardır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.