Davud Rüstəmov: Azərbaycanda indiyə kimi müdafiə sektorunda ciddi kiber insident qeydə alınmayıb
- 02 oktyabr, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan qanunvericiliyinə əsasən, kritik informasiya infrastrukturu sektorlarının ən mühümlərindən biri olan müdafiə sektorunda güclü kibermüdafiə imkanları formalaşdırılıb".
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi general-mayor Davud Rüstəmov ADEX 2026 sərgisi çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektorial görüşdə açılış nitqi ilə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə kibertəhlükəsizliyin təmin olunmasında kollektiv müdafiə və qurumlararası əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını göstərir.
"Burada müdafiə sektoru dedikdə yalnız Müdafiə Nazirliyi nəzərdə tutulmur. Söhbət müdafiə sənayesindən tutmuş müdafiə sahəsinə aid bütün qurumların fəaliyyətindən və həmin fəaliyyətin rəqəmsal transformasiya olunmuş infrastrukturundan gedir", - deyə general-mayor Davud Rüstəmov bildirib.
O qeyd edib ki, Kibertəhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən müdafiə sektorunda fəaliyyət göstərən müvafiq qurumların kibertəhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi auditlər həyata keçirilir. Eyni zamanda, potensial kiber təhdidlərin praktiki şəkildə qiymətləndirilməsi və təhlükəsizlik imkanlarının sınaqdan keçirilməsi üçün sınaq laboratoriyalarının yaradılması istiqamətində işlər aparılır.
Mərkəz rəisi bildirib ki, indiyədək Azərbaycanın müdafiə sektorunda ciddi kiberinsident qeydə alınmayıb. Onun sözlərinə görə, müəyyən edilən çatışmazlıqların vaxtında aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar arasında əlaqələndirilmiş və kollegial fəaliyyət yüksək səviyyədə təşkil olunub.