Azərbaycan və NATO təlim keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalayıb

Hərbi
  • 10 dekabr, 2025
  • 17:04
Azərbaycan və NATO təlim keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalayıb

Azərbaycan və NATO təlim keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri arasında "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü" təliminin II koordinasiya görüşü keçirilib. Görüş Müdafiə Nazirliyi və NATO arasında 2025-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində baş tutub.

Vurğulanıb ki, general-mayor Vüqar Əliverdiyev Azərbaycan hərbçilərini NATO standartları ilə tanış etmək, onlara operativ planlaşdırma, komanda-idarəetmə prosedurları, NATO üslublu təlimlərin operativ və taktiki səviyyədə planlaşdırılması, o cümlədən icrası barədə biliklər vermək məqsədilə NATO-nun mobil təlim qrupunun təşəbbüsü ilə Azərbaycan-NATO arasında IPCP çərçivəsində mütəmadi olaraq təlim və kursların keçirildiyini bildirib.

Planlaşdırılan təlimin Azərbaycan-NATO əməkdaşlığının daha da dərinləşməsinə, Azərbaycan Ordusunun NATO standartlarına uyğun operativ hazırlıq səviyyəsinin artırılmasına, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə, həmçinin regionda sülhə və sabitliyə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Görüşdə, həmçinin, maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, təlimin keçirilməsi ilə bağlı qarşılıqlı anlaşma protokolu imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti