Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Hadisə
  • 09 dekabr, 2017
  • 05:58
Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Zaqatala. 9 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib.

Məlumata görə, Zaqatala rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ-2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-nə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.