Xaçmazda qatar avtomobillə toqquşub, sürücü ölüb - YENİLƏNİB
- 05 fevral, 2026
- 14:54
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində hadisə nəticəsində sürücünün ölməsi faktını təsdiqləyiblər.
Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-də saat 09:45 radələrində Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.
"Azərbaycan Dəmir Yolları"ndan (ADY) "Report"a bildirilib ki, bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb. Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır", - məlumatda vurğulanıb.