Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Hadisə
  • 13 mart, 2026
  • 12:50
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.

Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib.

Bildirib ki, 1999-cu ildə qəbul edilmiş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub.

Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.

Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.

Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub.