"Vəkil olmaq istəyirəm” adlı yay məktəbi keçirilir

Hadisə
  • 22 iyul, 2022
  • 07:13
Vəkil olmaq istəyirəm” adlı yay məktəbi keçirilir

Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi üçün 15 iyul-15 avqust tarixlərində “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi start götürüb.

"Report" xəbər verir ki, Vəkillər Kollegiyası yay məktəbi ilə bağlı tədbir keçirib.

Mərasimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Gənclər Fondunun rəhbərliyi, təhsil ocaqlarının rəhbərləri, ekspertlər, vəkil qurumlarının rəhbərləri, deputatlar, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki,13 yerli və beynəlxalq universitetlərdən 300-ə yaxın hüquqşünas tələbə yay məktəbindən yararlanacaq: "Burada onlara natiqlik və hüquq biliklərinin artırılmasına kömək ediləcək. Özünü hər tərəfli yaxşı göstərən 30 ən yaxşı tələbə isə yay düşərgəsində istirahət edəcək. Bu yay məktəbinin əhəmiyyəti və proqramı çox maraqlıdır".

A.Bağırov onu da qeyd edib ki, Vəkillər Kollegiyası bütün qurumlarla qarşılıqlı əlaqələr qurub: "Kolleksiya ilə ali təhsil müəssisələri ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ölkədə hüquqşünas qıtlığı müşahidə olunur. Son 4 il ərzində bizə müraciətlər çoxluq təşkil edir. Nə qədər gənc hüquqşünaslarla əlaqələr qurulsa bir o qədər ölkəmizdə bu sahədə irəliləyiş olar".

Gənclər Fondunun sədri Fərid Cəfərovun sözlərinə görə, təmsil etdiyi qurum bu cür tədbirin həyata keçirilməsində çox maraqlıdır. O deyib ki, yay məktəbi gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhvə verəcək: "Bu il bizim yubileyimizdi. 10 il ərzində 5 mindən çox layihə həyata keçirilib. Bir çox gənclərimiz beynəlxalq təlimlərdə iştirak edib. Bu il 50 dən çox gəncimiz Avropa Parlamentində təcrübə proqramında oldular. Son 3 ildə Fond 1200 yüksək təhsili olan və sosial imkanı az olan tələbənin təhsil xərclərini öz üzərinə götürüb".

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edib. O, Mediasiya Şurası ilə əməkdaşlıq haqqında memorandum imzalandığını qeyd edib. O söyləyib ki, universitetin hüquq fakültəsinin tələbələrinin inkişafına bu kimi proqramların həyata keçirilməsi olduqca vacibdir.