Vəkil barəsində olan protest təmin edilməyib

Hadisə
  • 27 aprel, 2018
  • 05:55
Vəkil barəsində olan protest təmin edilməyib

Bakı. 27 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Əfsər Talıbovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun protesti təmin edilməyib, birinci instanaiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, vəkil Ə.Talıbov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, Mehman Səmədovun 22 min 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

İttiham aktına əsasən, Ə.Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olduğunu, onu yalandan satdığını bildirib. O, daha sonra müştəri X.Hətəmovdan xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib.

“Kamran” MTK-da hüquqi yardım göstərən Ə.Talıbov həmin MMC-nin təsisçisi Tofiq Babayevdən guya M.Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını istəyib. O, borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib. Lakin sonradan vəkil vədinə əməl etməyib.

Məhkəmə prosesi zamanı tərəflər arasında barışıq ərizəsi imzalanıb. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində Ə.Talıbova qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Məhkəmə istintaqı dövründə Ə.Talıbovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror cəzanən ağırlaşdırılmasını istəyib.