Türkiyədə zəlzələdə zərərçəkmiş ailə Azərbaycan Prezidentinə təşəkkür edib
- 13 fevral, 2023
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində xəsarət alan və müalicə üçün Azərbaycana gətirilən Vəfa Seyidova Prezident İlham Əliyevə təşəkkür edib.
"Report" xəbər verir ki, zərərçəkmiş Azərbaycanda onlara çox yaxşı baxdıqlarını və bu gün sığınacağa gedəcəklərini bildirib.
V.Seyidova deyib ki, zəlzələ çox dəhşətli idi: "Sanki ölümdən döndük. Psixoloji olaraq böyük zərbə aldıq. 5 ildir Türkiyədə, Qaziantepdə yaşayırıq. İlk dəfədir belə bir şey görürəm. Binamız çox silkələndi. Oradan sağ çıxacağımızı heç təsəvvür etmirdim. Evlərdə zədələr var, binalar çatlayıb. Uşaqlar psixoloji travma aldı”.
Digər zərərçəkmiş Ülviyyə Həsənova isə deyib ki, zəlzələ baş verən vaxt yuxuda olublar: "Uşağın səsinə oyandıq və zəlzələnin baş verdiyini gördük. Evdən qaçmağa qərar verdik və uşağı adyala bürüyüb, evdən çıxdıq. Yaşadığımız ev üçmərtəbəli idi və zəlzələ nəticəsində çatlar əmələ gəlib. Zəlzələdən sonra üç gün çöldə, bir gün isə sığınacaqda qaldıq. Azərbaycana gəlməyimizə səbəb uşaqdır. Həkimlər uşağı müayinə etdi və sadəcə, soyuqdəyməsinin olduğunu dedilər. Bu gün sığınacağa yerləşdiriləcəyik. Hər şey qaydasına düşdükdən sonra geri dönməyi düşünürük”.
Xatırladaq ki, V.Seyidova Azərbaycana 3 övladı - Nərmin Əzizova (13 yaş), Asel Kutlu (3 yaş), Esila Kutlu (2 yaş) və türkiyəli həyat yoldaşı Mehmet Kutlu ilə gəlib.
Qeyd edək ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".