Tərtərdə tank əleyhinə mina tapılıb

Hadisə
  • 25 dekabr, 2019
  • 11:35
Tərtərdə tank əleyhinə mina tapılıb

Tərtər rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə TM-62P3 minası aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, dekabrın 25-i saat 11:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə TM-62P3 minası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 80 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.