Tərtərdə 1 nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin məhkəməsi başlayır
- 17 dekabr, 2019
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Tərtərdə 1 nəfəri öldürüb digərini özünü asmağa məcbur edən Nuru Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Nural Əliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.
Qeyd edək ki, bu il aprelin 26-da Tərtər şəhərinin Ədalət Paşayev küçəsi, bina 8, mənzil 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Cavid Faiq oğlu Məmmədlinin şəhərin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.
Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilsə də, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C.Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.
Şübhələr isə meyitin asıldığı kəndirin ağacın nisbətən hündür qoluna bağlanması və bu işi görmək üçün ağaca çıxmaq zərurəti ilə bağlı olub. Lakin ağacın qoluna kəndiri bağlamaq üçün çıxan adamın barmaq və ayaq izlər mərhuma aid olmayıb.
Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib. Bakıda laboratoriya müayinəsindən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri aşkar edilib. Həmin barmaq izlərinin və ağacda kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 1980-ci il təvəllüdlü Nuru Fərman oğlu Allahverdiyev saxlanılıb.
Saxlanılan şəxsin dindirlməsi zamanı daha bir qətl törətməsi də məlum olub.
Belə ki, N.Allahverdiyev ötən ilin noyabr ayında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Rəşad Nərimanlını öldürdüyünü etiraf edib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 120.2.9-cu ( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham verilib.