Xəstəxana Sumqayıtda 27 yaşlı qadının abortdan sonra ölməsi ilə bağlı iddiaya cavab verib - YENİLƏNMƏ

Hadisə
  • 13 dekabr, 2025
  • 15:22
Xəstəxana Sumqayıtda 27 yaşlı qadının abortdan sonra ölməsi ilə bağlı iddiaya cavab verib - YENİLƏNMƏ

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.

Mərkəzdən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 12-də saat 14:00 radələrində 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.

Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:

"Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub".

"Dekabrın 13-də saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb", - Tibb Mərkəzindən vurğulanıb.

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir.

"Report"un yerli bürosuna ailədən verilən məlumata görə, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti