Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-3
- 24 iyul, 2023
- 14:47
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirov Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
17:34
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan ikinci yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.
16.36
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun da meyiti isə bu gün səhər saatlarında dənizdən çıxarılıb.
Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtarışları davam etdirilir.
14:15
Siyəzənin Zarat kəndi ərazisində dənizdə batan şəxslərin axtarışları davam etdirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan 3 nəfərdən ikisinin Siyəzən rayon sakinləri - 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəllüdlü Bəşirov Rəvan Hacıəhməd oğlunun axtarışları davam etdirilir.
Batan şəxslərin qohumları "Report"un yerli bürosuna bildiriblər ki, bu gün səhər saatlarında axtarışa qatılan yerli sakinlər tərəfindən 2006-cı il təvəllüdlü Bakı şəhər sakini Nemət Əhmədovun cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Siyəzən Rayon İcra Hakimiyyətinin Zarat inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov "Report"un yerli bürosuna bildirib ki, sözügedən ərazidə yay mövsümü boyu hər gün yüzlərlə insanlar bu çimərlikdən istifadə edir: "Ötən gün də sakinlərin sıxlığı müşahidə olunub. Adı qeyd olunan şəxslər də ehtiyatsızlıq nəticəsində batıblar".
Məlumat üçün qeyd edək ki, hazırda axtarış işləri FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.