Şirvanda 6 nəfərin zəhərləndiyi obyektin fəaliyyəti dayandırılıb, araşdırma başlanılıb - YENİLƏNİB 2
- 08 aprel, 2026
- 11:33
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Qida Təhlükəsizliyi Agentliyindən "Report"a bildirilib ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.
İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların vəziyyəti orta ağırdır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.
Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir.
Şirvanda kütləvi zəhərlənmə olub.
"Report" xəbər verir ki, şəhər ərazisində yerləşən restoranda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.