Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Hadisə
  • 22 dekabr, 2016
  • 13:38
Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Rəşidzadə Azad Əli oğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ramin Nağdalıyev ittiham aktını elan edib. A.Rəşidzadə ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, qardaşını öldürmək niyyəti olmayıb: "Onu qorxutmaq istəyirdim. Qardaşım atamı da, anamı da döyürdü. Valideyinlərim bu barədə polisə müraciət ediblər. Ovdan gəlmişdim, tüfəngi silib, yerinə qoyacaqdım, lakin hadisə baş verdi..."

Qətlə yetirilən Azər Rəşidovun arvadı, zərərçəkmiş Xəyalə Rəşidova isə qaynının yalan danışdığını bildirib.

Məhkəmə prosesi davam etdiriləcək.

İttiham aktına əsasən, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.