TƏBİB Salyandakı qəzada xəsarət alanların vəziyyətini açıqlayıb - YENİLƏNİB
- 25 oktyabr, 2025
- 22:45
Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi istiqamətində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (1 qadın, 4 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Report"un yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Neftçala rayon sakinləri - 1967-ci il təvəllüdlü Əsgərov Mürsəl Əlifağa oğlu, 1990-cı il təvəllüdlü Əliyev Təbriz Böyükkişi oğlu, 1992-ci il təvəllüdlü Nuriyev Niyaməddin Zöhrab oğlu; Salyan sakinləri - 1959-cu il təvəllüdlü Babayev Abdulla Paşa oğlu və 2009-cu il təvəllüdlü Əsgərova Xatirə Şirin qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.