Sabiq idarə əməkdaşının qardaşının məhkəməsində zərərçəkmişə dəymiş ziyanın bir hissəsi qaytarılıb
- 10 may, 2017
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 may REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxışı edib.
O, dəymiş ziyanla bağlı zərərçəkmiş Arif Həsənova 1000 dollar və 3600 manat ödəmək istədiklərini bildirib.
Zərərçəkmiş A.Həsənov isə əvvəlcə bu təkliflə razılaşmayıb. O, N.Quliyevə 87 min dollar verdiyini, dəymiş ziyanın hamısının ödənilməsini tələb edib: "Dəymiş ziyanın 87 min dollarından cəmisi 50 min manat qaytarıblar. 37 min manat pulu isə hələ də qaytarmayıblar”.
Daha sonra təqsirləndirilən şəxsin yaxınları zərərçəkmişə 1000 dollar və 3600 manat ödəyiblər.
Zərərçəkmiş məhkəmədən mülki iddianın təmin olunmasını da xahiş edib.
Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası mayın 22-ə təyin edilib.
Qeyd edək ki, ittihama aktına əsasən, N.Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirməklə dələduzluq edib.
A.Həsənov isə məhkəməyə verdiyi ifadəsində bildirib ki, ləğv edilmiş MTN generalı Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrkən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı aa Quliyevin qardaşı Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. O, isə bunun müqabilində Namiq Quliyevə 87 min dollar verib.
Xatırladaq ki, Namiq Quliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşıdır.