"Sabah incəsənət festivalı"nın bağlanış mərasimi keçirilib
- 11 iyun, 2018
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan "Sabah incəsənət festivalı"nın bağlanış mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.
Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı tamaşa nümayiş olunub.
Təhsil naziri Ceyhun Bayramov deyib ki, festival çərçivəsində Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Memarlıq və İnşaat Universitetinin tələbələrinin əl işlərinin sərgisi keçirilib: "Bundan başqa, festival çərçivəsində tələbələr rəngkarlıq, keramika, xalçaçılıq istiqamətində açıq ustad dərsləri veriblər".
Nazir həmçinin təhsil sahəsində görülən işlərdən də danışıb: "Təhsil Nazirliyinin "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırladığı təkliflər paketinin sabah parlamentin plenar iclasında qəbul olunacağı gözlənilir. Həmin paket qəbul edilərək prezident tərəfindən təsdiq olunsa, müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdiriləcək. Hər bir istiqamət və müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Qaydalarda bütün prosedurlar öz əksini tapacaq".
Festival Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında musiqi proqramı ilə davam edib.
Tədbirin sonunda tələbələrə diplomlar təqdim olunub.