Qazaxda top mərmisi tapılıb

Hadisə
  • 17 oktyabr, 2019
  • 13:32
Qazaxda top mərmisi tapılıb

Qazax rayonunda partlayıcı maddə olmayan top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, bu gün saat 12:39-də Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndi ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tərkibində partlayıcı maddə olmayan 45 mm-lik top mərmisi (BR-240) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.