Bakıda qaynını öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib

Hadisə
  • 27 aprel, 2019
  • 08:30
Bakıda qaynını öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə Bakıda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehman Fəsədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Fəsədovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn yeznəsi, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə M.Fəsədovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.