Qadının ölümünə səbəb olan sürücü apelyasiya şikayəti verib
- 01 oktyabr, 2019
- 10:39
Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımov barəsindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. İlkin baxış iclası oktyabrın 4-də keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Hadisə yerindən qaçan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qasımov Vüqar Səfərqulu oğlu tutulub.
Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqda nzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Qəza nəticəsində ölən Nəzakət Şahverdiyeva iki övlad anası olub.