Prokurorluq iş adamı və "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarının hökmündən protest verib

Hadisə
  • 30 mart, 2018
  • 05:50
Prokurorluq iş adamı və Riyad Mühafizə Xidmətinin əməkdaşlarının hökmündən protest verib

Bakı. 30 mart. REPORT.AZ/ Xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları - Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev, Təbriz Musayev və digərlərinin barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, dövlət ittihamçısı Hilal Abbasov birinci instansiya məhkəməsinin qərarından narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

O, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edir.

Həmçinin təqisirləndiirlən şəxslər də apellyasiya şikayətləri verib, barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası başlayıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumaları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 9-na təyin olunub.

Qeyd edək ki, ötən il iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin bir neçə əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.

Br müddət əvvəl sahibkar A.Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər - A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov, M.Qurbanov, Ə.Ağayev, Y.Əliyev, R.Hüseynov, M.Məmmədov, R.Vəliyev, E.Vəliyev və T.Musayev saxlanılaraq istintaqa cəlb olunub. Daha sonra A.Xanməmmədov, E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərin barəsində isə polisin nəzarəti altında qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmovla M.Qurbanovun isə hər biri 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər şəxslərin barəsində isə 2 il islah işlərinə məhkum etmə barədə qərar çıxarıb.

44 - Tezliklə